Pandemiyaya görə yarımçıq dayandırılan futbol üzrə Niderland çempionatında 2019/20 mövsümü ləğv edilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, federasiya rəhbərliyi ilə klublar arasında müşavirədə ölkədəki bütün kütləvi tədbirlərin, eləcə də idman yarışlarının sentyabrın 1-nə qədər qadağan olunması müzakirə edilib. Elə bu səbəbdən, Erediviziya və digər futbol yarışlarının da ləğvi zərurətə çevrilib.

Beləliklə, yekun qərara əsasən,bu il Erediviziyada çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlində yerlərinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirusa görə dayandırılıb. Yarışın başa çatmasına 8 tur qalmış “Ayaks” və “AZ Alkmaar” 56 xalla birinci-ikinci yerləri bölüşürdü.